Pyer Paolo Pazolini

Standard

Mətləb Muxtarov, İstanbul

pasolini

Pier Paolo Pasolini

Pyer Paolo Pazolini – İtalyan kinorejissor, ssenarist, yazıçı, şair. Hətta bəzi filmlərində aktyor. 1922-ci ildə Boloniyada doğulub və 1975-ci ildə öldürülüb. Öldürülmə səbəbləri mövzusuna qayıdacağıq.

Pyer Paolo Pazolini dünya kinosunda öz dəsti xətti, rəngarəngliyi və ən əsas da cəsarəti ilə seçilən rejissordur. Marksist-Leninist baxışlarıyla, cinsi orientasiyasıyla və dinə qarşı olan kəskin fikirlərilə Pazolini həmişə qınaq obyekti olub. Seksual orientasiyasını heç vaxt gizlətməyən Pazolini filmlərinin 90%-də dinə qarşı olub və seksual orientasiyasını hər-hansı səhnə və ya dialoqla göstərib. O, dünya kinosunda yeganə adamdır ki, demək olar ki, bütün filmləri böyük səs-küyə səbəb olub. “Salo və ya Sodomda 120 gün” (Salo, or the 120 Days of Sodom), “Kenterberi Hekayələri” (The Canterbury Tales), “Min bir gecə nağılları” (A Thousand and One Nights), “Dekameron” (The Decameron), “Medeya” (Medea), “Çar Edip” (Oedipus Rex), “Donuz axuru”(Pigsty) və s… Rejissorun filmləri kimi həyatı da maraqlı süjet xəttinə malikdir, amma biz onun həyatından yox, filmlərindən danışacağıq.

İlk Öncə Pyer Paolonun filmlərinin siyahısını təqdim edək:
1. “Akkattone” (Accattone) – debüt filmi
2. “Roma ana” (Mamma Roma)
3. “Mattanın İncili” (The Gospel According to Matthew)
4. “Böyük və balaca quşlar” (The Hawks and the Sparrows)
5. “Çar Edip”

6. “Teorem” (Theorem)
7. “Donuz axuru”
8. “Medeya”
9. “Dekameron”
10. “Kenterberi hekayələri”
11. “Min bir gecə nağılları”
12. “Salo və ya Sodomda 120 gün”

 

Pazolinin “Mattanın İncili” filmi İncilə aid çəkilmiş hadisələri ən realistik təsvir edən film hesab olunur. Qəribədir ki, İncilə aid çəkilən ən gözəl filmlərdən sayılan bu filmin rejissoru ateist Pazolinidir. Pazolinin daha bir dahiliyi isə odur ki, bu filmdə (elə digər bir çox filmlərində də) professional aktyorlarla deyil, həvəskarlarla çalışıb. Filmdə İsa rolunu oynayan aktyor İspaniyadan olan 19 yaşlı tələbədir.

600full-mamma-roma-poster

“Roma ana” filminin afişası

Pazolini yaradıcılığının ilk dövrlərində çəkdiyi “Roma ana”, “Böyük və balaca quşlar” fimləri də düşündürücüdür. Amma bu dövrlər üçün ən maraqlı sənət əsəri “Teorem” filmidir. Film maraqlıdır, fərqlidir və ən əsası da düşündürücüdür. Film başdan-başa sükutdur. Saat yarımlıq filmdə cəmi 923 sözdən istifadə olunub. Səhnələrdəki əşyaların yerləri, simmetrik düzgünlük, ilk və son səhnənin təkrarı və ən əsas da sükut gələcəkdə ayrı-ayrı rejissorların filmləri üçün dərs ləvazimatıdır. Amma bu hələ pik deyildi. Pazolini öz tərzini axtarırdı və bu axtarış “Həyat” trilogiyasında (Trilogy of Life) sonlanacaqdı.

Pazolini yaradıcılığının sonrakı dövrlərində Qədim Yunan əsatirlərindən və dünya ədəbiyyatından bəhrələnərək filmlər çəkmişdir. Bu filmlərdə həmin ədəbiyyat nümunələrinə Pazolini barmağı toxunmuşdur və buna görə də filmlər fərqli ekran əsəri kimi yadda qalıb. Yunan əsatirləri əsasında çəkilmiş “Medeya” və Sofoklın faciəsi əsasında çəkilmiş “Çar Edip” filmlərində freydizmin ünsürlərini görmək mümkündür.

70-ci illərdə çəkdiyi “Həyat” trilogiyasının hər üç filmi ayrı-ayrı festivallarda mükafatsız qalmadı və dünya kinosuna şedevr filmlər kimi daxil oldu. “Dekameron”dakı ironiya, rəngarənglik və orta əsr abu-havası çox gözəldir. Orta əsr insanlarının yaşayışı, həyata baxışı çox ironik və gülməli göstərilib. Erotik səhnələri də estetik yox, həyatidir. “Kenterberi hekayələri” filmi də “Dekameron”un abu-havasında çəkilib, amma ən gözəli şübhəsiz “Min bir gecə nağılları” (bəzən “Ərəb gecələri” (Arabian Nights) də adlanır) filmidir. Pazolini bu trilogiyanı, ən əsas da sonuncu filmi çəkmək üçün İran, İraq və Yəmənə səfər edib. Trilogiyanın hər üç filmi çox rəngarəng səhnələrlə boldur. Və bu da “Həyat” trilogiyasının ən əsas “fırıldağı”dır. Trilogiyanın filmlərində Pazolini orta əsr Avropası və Ərəb dünyasında intim əlaqələrə öz baxış bucağından baxır. Məncə Pazolini məhz bu üç filmdə öz tərzini tapmışdır. Kinoya fərqli baxış gətirmişdir. “Dekameron” və “Kenterberi hekayələri” orta əsr Avropasını göz önündə canlandırır. Kostyum, qrim və dekorasiya isə öz yerində. “Min bir gecə nağılları”nda dialoqlu səhnələr çox azdır. Rejissor “Teorem”dən bəhrələnib, bəlkə də mənə elə gəlir. Amma filmin rejissor işi çox gözəldir. Ərəb dünyasının qızmar günəşi filmi həm canlı edir, həm də doğma. Qeyd edim ki, “Min bir gecə nağılları” filmindəki baş rolda oynayan oğlan Pazolininin sevgilisi olub.

Və ən əsas hadisə. Dünya kinosuna meydan oxuyan film – “Salo və ya Sodomda 120 gün”

220px-Salo_afiş

“Salo və ya Sodumun 120 günü”

Faşizm. Pazolini kommunist idi və seksual orientasiyasına görə İtalyan Kommunist partiyası sıralarından xaric edilmişdi. Amma buna baxmayaraq, yenə də öz ideologiyasından əl çəkməmişdi və bu filmi ilə faşizmə zərbə vurdu. Filmlə faşizmə zərbə vursa da, faşizm onun həyatına son qoydu. Film rejissorun ölümündən sonra kinoteatrlarda göstərildi. Amma ətrafında böyük qalmaqal yarandı. Kinoteatrlardan yığışdırıldı, baxılması qadağan olundu. Prodüser Alberto Qrimaldini məhkəməyə verdilər. Və beləcə bir müddət film tamaşaçılara göstərilmədi. Amma 1978-ci ildə film kinoşünaslar tərəfindən “sənət əsəri” kimi qiymətləndirildi. Hələ də bəzi ölkələrdə baxılması qadağandır. Filmdə olan pornoqrafik, mazoxist səhnələr naturada çəkilib və normal tamaşaçı bu filmə baxmağa qadir deyil. Pornoqrafik səhnələr bu filmin heç də porno filmi olması anlamına gəlmir, bu səhnələrdəki vəhşilik, iyrənclik və mazoxistlik rejissorun “özfəaliyyət” metodudur. Bir növ faşizmin mahiyyətini açıb göstərir. Məhz “Salo” filminin çəkilişləri zamanı Pazoliniyə təhdid dolu məktublar və zənglər gəlməyə başladı. Çəkiliş meydanlarında naməlum faşistlər görünməyə başladı. Amma buna baxmayaq, Pazolini filmi çəkməkdə davam edirdi və bu onun son filmi oldu…

1975-ci il noyabrın 2-də Pazolinin cəsədi tapıldı. Pazolinini vəhşicəsinə döydükdən sonra öldürmüşdülər. Şübhəsiz ki, bunu edən italyan faşistləri idi. Pazolinini öldürən 17 yaşlı Pino Pelozi idi, amma 2005-ci ildə Pino ona qarşı sürülən ittihamı rədd edərək, Pazolinini tək öldürmədiyini söylədi. “Oggi” jurnalının verdiyi məlumata görə, Pazolininin ölümündə Pelozidən əlavə daha üç gənc iştirak etmişdi. Bu ölüm hadisəsi hələ də sirr olaraq qalır. Bəzi mənbələrdə göstərilir ki, Pelozi Pazolinini heç öldürmədiyini deyir. Pelozinin dediyinə görə, Pazolinini cənub aksentli üç italyan öldürüb.

Beləliklə, Dünya Kinosunun ən qalmaqallı və ən yadda qalan maestrosu faşizmin qurbanı oldu, amma özündən sonra həqiqətən də insanı düşündürən sənət əsərləri buraxdı.

Mənbə: Film Fiction jurnalı

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s